14.09.2021

Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 14-də 2021-2022-ci tədris ili üzrə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binasında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, 5 rayon və 1 şəhərin - Qubadlı, Şuşa, Zəngilan, Xızı, Abşeron rayonlarının və  Sumqayıt şəhər təhsil şöbəsinin müdirləri, məsləhətçiləri və metodkabinetin müdirləri, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və müavini, eləcə də qeyd edilən şəhər və rayon məktəblərinin direktoru və müəllimləri iştirak edib.

Əvvəlcə konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin məbədini ziyarət ediblər. Daha sonra Dövlət Himni səsləndirilib. Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Konfransı Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov açaraq gələn qonaqları salamlayıb. Çıxışında Vətən müharibəsi qəhrəmanlarından söz açaraq əldə edilən Qələbənin gənclərin vətənpərvərlik ruhunda yetişməsində önəmli rolundan bəhs edib.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov öz hesabat xarakterli nitqində 5 rayon və 1 şəhər təhsil şöbəsinin ötənilki tədris ili ilə bağlı görülmüş işləri barəsində geniş şəkildə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Vətən müharibəsi iştirakçısı, Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı müəllimi Orxan Quliyev Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən, keçdiyi döyüş yollarından, şəhid və qazi olmuş əsgər, zabitlərimizdən bəhs edib.

Digər çıxış edən Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin fəal, bacarıqlı ibtidai sinif müəllimi Sevinc Əsədova üzvü olduğu Gənc Müəllimlər Assosiyası, beynəlxalq layihələr, eləcə də etwinning platforması haqqında əsas məqamları vurğulayıb.

Daha sonra Təhsil İnstitunun nümayəndəsi Aysel Qasımova məktəblərdə psixo-sosial dəstəyin önəmini vurğulayaraq, inklüziv siniflərinin sayının artmasının əhəmiyyətindən bəhs edib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar Fərzəli Qədirov tərəfindən dolğun şəkildə cavablandırılıb.

 


Açar sözlər: ,  ,