18.10.2021

“Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində məktəblilərlə ilk görüş keçirilib

Oktyabrın 16-da Zəngilan rayon 4 nömrəli tam orta məktəbin inzibati binasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan “Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində məktəblilərlə görüş keçirilib.

Görüşdə Zəngilan Rayon Gənclər və İdman İdarəsinin müdiri Natiq Quluzadə, Rayon Təhsil Şöbəsinin məsləhətçisi Rüstəm Aslanov, 4 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, beynəlxalq dərəcəli hakim Pərvin Talıbov, layihənin ilk qonağı olan Azərbaycan Respublikasının Hap Ki Do üzrə idman ustası, Dünya və Avropa çempionu, “Grand Fight” idman klubunun rəhbəri Orxan Məmmədli və məktəblilər iştirak edib.

Layihənin keçirilməsində məqsəd idman sahəsində yeniyetmə və gənclər arasında maarifləndirmə işləri aparmaq və nailiyyət qazanmış idmançılarımızı ictimaiyyətə tanıtmaqdan ibarətdir.

Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və daha sonra sonra vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş nitqi ilə açan idarə müdiri Natiq Quluzadə Azərbaycan Respublikasında  idmana göstərilən dövlət qayğısından, idmanın maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsi nəticəsində əldə edilən nailiyyətlərdən danışıb.

Daha sonra idman layihəsinin qonağı olan Orxan Məmmədli öz həyatı və uğura gedən yolda keçdiyi çətinliklərdən danışaraq məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə çıxış edən təhsil şöbəsinin məsləhətçisi Rüstəm Aslanov ölkə başçısı cənab İlham Əliyevin ölkəmizdə idman və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışaraq həm idmançılarımızın, həm də məktəblilərimizin beynəlxalq olimpiadalarda, turnirlərdə, yarışlarda iştirak edərək uğur qazandıqlarını vurğulayıb.

Sonda Orxan Məmmədli Zəngilan RGİİ tərəfindən idmanda qazandığı uğurlarına və "Çempionumuz" adlı sosial idman layihəsində yaxından iştirak etdiyinə görə fəxri fərmanla təltif olunub və onunla xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, bu maarifləndirici layihə hər ay bir mərkəzdə təşkil olunmaqla tədris ilinin sonuna kimi davam edəcəkdir.