18.10.2021

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd olunub

Oktyabrın 18-də Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib.

Keçirilən tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və daha sonra vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edənlər tərəfindən 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycanın yeni – müstəqil inkişaf dövrünə qədəm qoyduğunu, lakin müstəqilliyimizin ilk illərində xalqımızın Qarabağ müharibəsi, o cümlədən, vətəndaş müharibəsi ilə üzləşdiyini, ölkənin parçalanmaq təhlükəsində olduğunu, belə bir vaxtda xalqın yeganə xilas və ümid yeri olan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə  Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilərək respublikamızın yeni inkişaf dövrünə qədəm qoyduğu qeyd edilib. Eyni zamanda çıxış edənlər hazırda Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyini və 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında qalan torpaqlarımızın işğaldan azad olunaraq tarixi ədaləti bərpa etdiyimizi vurğulayıblar.

Tədbir boyunca şagirdlər tərəfindən Müstəqilliyimizin Bərpası Gününə həsr olunan ədəbi-bədii kompozisiyalar səsləndirilib və o cümlədən rəsm əl işləri nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,